“Yaradıcılıq, İnnovasiya və Sahibkarlıq” adlı layihənin ilkin mərhələsi yekunlaşıb

Gəncə şəhərində “Yaradıcılıq, İnnovasiya və Sahibkarlıq” adlı layihənin ilkin mərhələsi yekunlaşıb.
“Specialnews.az” xəbər verir ki, mərhələli seçim prosesinin nəticəsində təlimlərə Gəncə şəhərində yerləşən müxtəlif universitetlərdə təhsil alan 45 tələbə cəlb olunub.
Layihənin əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan gənclərin rəqəmsal və süni intellekt savadlılığını artırmaq, yaradıcılıq potensialını üzə çıxarmaq, sahibkarlıq bacarıqlarını inkişaf etdirməklə onların məşğulluq imkanlarını və əmək bazarında rəqabət qabiliyyətini yüksəltməkdir.
Layihə çərçivəsində iştirakçılara təqdim olunan əlavə imkanlardan biri onların ingilis dili biliklərinin təkmilləşdirilməsidir. Süni intellekt üzrə təhsil alan, lakin dil bilikləri zəif olan gənclər üçün əlavə ingilis dili dərsləri təşkil olunur. Həmçinin süni intellekt üzrə təlimlərə hazırlıq mərhələsi kimi riyaziyyat və məntiq dərsləri də proqramda yer alır.
Dərslər hibrid formatda — Gəncə şəhərində yerləşən Mir Cəlal Paşayevin ev-muzeyində, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində fəaliyyət göstərən Gəncə STEAM Mərkəzində əyani şəkildə və eyni zamanda onlayn formatda təşkil olunur.
Yeni seçim mərhələsi sentyabr ayında elan olunacaq.
Qeyd edək ki, bu layihə ADA Universitetinin təşəbbüsü, ADA Universiteti Fondu və “Paşa Holding”in maliyyə dəstəyi ilə 2025-ci ilin iyun ayından etibarən region gəncləri üçün həyata keçirilir.v