
Azərbaycan Respublikasının siyasi tarixində mühüm əhəmiyyət daşıyan hadisələrdən biri 1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis edilməsidir. Həmin dövrdə ölkədə siyasi qeyri-sabitlik, təhlükəsizlik problemləri, iqtisadi tənəzzül və idarəetmədə ciddi çətinliklər mövcud idi. Dövlətçiliyin qorunması, cəmiyyətin birləşdirilməsi və möhkəm siyasi xəttin formalaşdırılması zərurəti yeni bir siyasi təşkilatın yaradılmasını gündəmə gətirmişdir.
Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilmiş və burada partiyanın Proqramı, Nizamnaməsi qəbul olunmuş, təşkilati strukturu müəyyənləşdirilmişdir. Konfrans iştirakçılarının yekdil qərarı ilə Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçilmişdir. Bu qərar, partiyanın gələcək inkişaf istiqamətlərinin formalaşmasında, siyasi xəttinin müəyyən edilməsində və cəmiyyət tərəfindən geniş rəğbət qazanmasında mühüm rol oynamışdır.
Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən etibarən Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, suverenliyin qorunması, hüquqi və demokratik dövlət quruculuğu, siyasi sabitlik və iqtisadi inkişaf kimi prioritetləri əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirmişdir. Partiyanın siyasi platforması milli maraqların üstünlüyü, dövlətçilik ənənələrinə sadiqlik, cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarının nəzərə alınması kimi prinsiplərə əsaslanmışdır.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı və sonradan Azərbaycan Respublikasının Prezidenti seçilməsi Yeni Azərbaycan Partiyasının siyasi xəttinin dövlət idarəetməsində tətbiqinə geniş imkan yaratmışdır. Bu dövrdən etibarən ölkədə ictimai-siyasi sabitlik təmin edilmiş, sosial-iqtisadi islahatlar davamlı xarakter almış və Azərbaycan inkişaf yoluna çıxmışdır.
Sonrakı illərdə Yeni Azərbaycan Partiyası öz fəaliyyətini genişləndirmiş, respublikanın bütün bölgələrində təşkilatlanmış, ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrilmişdir. Hazırda partiyanın fəaliyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti ilə uzlaşaraq ölkənin davamlı inkişafına mühüm töhfə verməkdədir.
Yeni Azərbaycan Partiyasının təsis olunmasının ildönümü yalnız tarixi bir hadisənin xatırlanması deyil, həm də partiyanın ölkənin siyasi həyatında oynadığı rolun, dövlətçiliyin möhkəmləndirilməsinə verdiyi töhfələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ələkbərova Nazlı,
YAP-ın gənc fəalı



