AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyasının təsis konfransı: Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi

1990-cı illərin əvvəlləri Azərbaycan üçün həm siyasi, həm də cəmiyyət həyatının bütün sahələrində dərin sınaqlar dövrü idi.

Ermənistan–Azərbaycan müharibəsi davam edir, ölkədə iqtisadi böhran dərinləşir, dövlət idarəçiliyində xaos və qeyri-sabitlik hökm sürürdü. Mövcud hakimiyyət ölkənin sürətlə ağırlaşan problemlərinə adekvat reaksiya verə bilmir, cəmiyyətin narazılığı getdikcə artırdı.

Məhz belə bir şəraitdə ölkənin xilası, siyasi sabitliyin bərpası və Azərbaycan dövlətçiliyinin qorunması məqsədilə yeni siyasi qüvvənin meydana çıxması tarixi zərurətə çevrilmişdi. Bu zərurətin nəticəsi olaraq 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.

Konfrans Naxçıvan şəhərində, ölkənin ağır vəziyyətində xilaskarlıq missiyası ilə xalqın böyük inam bəslədiyi Heydər Əliyevin siyasi rəhbərliyi altında baş tutdu. Əslində YAP-ın yaradılması yalnız bir siyasi partiyanın formalaşması deyildi – bu, Azərbaycan dövlətçiliyinin gələcəyini müəyyən edən, ölkəni parçalanma və dağılma təhlükəsindən xilas edən tarixi qərar idi.

1992-ci ilin oktyabrında respublikanın müxtəlif bölgələrindən nüfuzlu ziyalılar, ictimai-siyasi xadimlər və ağsaqqallar tərəfindən imzalanmış məşhur “91-lər Müraciəti” Heydər Əliyevə ünvanlanmışdı. Bu müraciətdə ölkənin ağır vəziyyəti geniş izah olunur və Heydər Əliyevin siyasi lider kimi yenidən Azərbaycan siyasətinə qayıdması xahiş edilirdi.

Məhz bu təşəbbüs YAP-ın yaranmasının ideya və təşkilati bazasını yaradaraq partiyanın əsasını qoydu. Bu konfrans təkcə partiyanın yaranması yox, həm də cəmiyyətin siyasi təşkilatlanma prosesində yeni mərhələnin başlanğıcı idi.

YAP həmin dövrdə parçalanmış siyasi mühitdə milli həmrəyliyi təmin edə biləcək yeganə güclü siyasi qüvvə kimi formalaşdı. YAP-ın yaradılması həm də gələcək siyasi sabitliyin, sosial-iqtisadi inkişafın və dövlət quruculuğunun əsası oldu.

1993-cü ilin iyununda Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı, ölkədə vətəndaş qarşıdurmasının qarşısının alınması, milli ordunun formalaşdırılması, dövlət institutlarının gücləndirilməsi kimi mühüm proseslər məhz YAP-ın təşəbbüsləri və siyasi xətti ilə həyata keçirildi.

Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin dayaqlarından biri olaraq, dövlətçilik ənənələrinin qorunmasına, inkişaf strategiyasının davamlılığına və müasir Azərbaycanın möhkəmlənməsinə böyük töhfə verir.

21 noyabr 1992-ci ildə keçirilmiş YAP-ın təsis konfransı Azərbaycan tarixində dönüş nöqtəsi olmuş, dövlətçiliyin qorunmasında və ölkənin gələcək inkişafının təmin edilməsində mühüm rol oynamışdır.

Bu gün də həmin günün siyasi irsi və qlobal əhəmiyyəti ölkənin müasir inkişaf strategiyasında öz əksini tapmaqdadır.

Günel Əbdürəhmanova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button