AnalitikaGündəmSiyasət

Zəfər diplomatiyası – Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrünün başlanğıcı

8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilən görüşdə Azərbaycan və Ermənistan liderləri mühüm razılaşmalar əldə etdilər. Trampın yenidən prezident seçildikdən sonra müharibələrin dayandırılması istiqamətində verdiyi vədlər bu görüşdə özünü göstərdi. Vaşinqton görüşü ərəfəsində sülhə dair proqnozlar müsbət idi və görüş zamanı bu proqnozlar təsdiqləndi. ABŞ Prezidenti və Azərbaycan liderinin açıq və səmimi dialoqu dövlətimizin başçısının beynəlxalq səviyyədə nüfuzunu göstərdi. İki ölkə arasında strateji tərəfdaşlıq üçün Strateji İşçi Qrupunun yaradılması barədə sənəd imzalandı.

Trampın 907-ci düzəlişin dayandırılması barədə sərəncamı isə xüsusilə qeyd olunmalıdır. Bu düzəliş erməni lobbi qruplarının təsiri ilə yaranmış və Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir göstərirdi. Vaşinqton görüşünün ən önəmli nəticələrindən biri Cənubi Qafqazda sülhə doğru atılan addımlar oldu. Xarici işlər nazirləri arasında sülh sazişi layihəsi paraflanıb və Minsk Qrupunun fəaliyyəti rəsmi olaraq dayandırıldı. Minsk Qrupunun ləğvi Azərbaycanın tələblərindən biri idi.

Birgə Bəyannamədə nəqliyyat əlaqələrinin açılması məsələsi də öz əksini tapdı. Sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz kommunikasiya, habelə Ermənistan ərazisində “Tramp Marşrutu” adlı layihənin reallaşdırılması təsbit olundu. Prezident İlham Əliyev Vaşinqtonda çıxışında Cənubi Qafqazda sülhün bərqərar olmasının bölgə və dünya üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Ermənistanın konstitusiyasındakı ərazi iddiasının aradan qaldırılması sülh sazişinin imzalanmasına imkan verəcək əsas amildir. Dövlət başçısı bu görüşün bölgədə dayanıqlı sülhə yol açdığını bildirib.

Elçin Bəşirov,
Yeni Azərbaycan Partiyasının fəalı 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button