AnalitikaGündəmOrdu

Zəfər Günü – Azərbaycan xalqının şərəf və qürur günüdür! Qarabağ Azərbaycandır!

“Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.”
Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev

Azərbaycan xalqı əsrlərlə mübarizə ruhu, vətənə sədaqəti və azadlıq sevgisi ilə seçilib. Tariximizin ən parlaq səhifələrindən biri – 8 Noyabr Zəfər Günü bu mübarizənin, bu birliyin və bu qəhrəmanlığın rəmzidir. 2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şuşa şəhərini azad etdi. Bu hadisə təkcə hərbi qələbə deyil, həm də milli ruhun, dövlətçilik iradəsinin və 30 illik ədalətsizliyə son qoyulmasının təntənəsi idi. 1988-ci ildə başlayan Qarabağ hadisələri erməni millətçilərinin əsassız iddialarına əsaslanırdı. “Dənizdən dənizə Ermənistan” kimi sərsəm ideyalarla hərəkət edən erməni ideoloqları bölgədə etnik təmizləmə siyasəti həyata keçirməyə başladılar.

Bu, təkcə bir regionun deyil, bütövlükdə Cənubi Qafqazın sabitliyini pozan, beynəlxalq hüquqa zidd bir proses idi. 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələri Azərbaycanın tarixi torpaqlarını işğal etdi. Qarabağla yanaşı, onun ətrafındakı yeddi rayon – Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl və Ağdam – da işğal altına düşdü. Yüz minlərlə azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşərək məcburi köçkünə çevrildi. On minlərlə günahsız insan həlak oldu, yüzlərlə kənd və şəhər yerlə-yeksan edildi. Azərbaycan xalqının mədəni irsinə, məscidlərə, məbədlərə, qəbiristanlıqlara qarşı vandalizm törədildi. İşğal həm maddi, həm də mənəvi baxımdan dərin yaralar açdı. İllərlə xalqımız “Qarabağ Azərbaycandır!” deyərək haqq səsini dünyaya çatdırdı. Azərbaycan dövləti bu məsələni beynəlxalq arenalarda sülh yolu ilə həll etməyə çalışsa da, Ermənistan qeyri-konstruktiv mövqeyini dəyişmədi. Amma Azərbaycan heç vaxt işğalla barışmadı. Prezident İlham Əliyevin dediyi kimi, “biz heç vaxt bu vəziyyətlə razılaşmadıq, münaqişəni dondurulmuş hesab etmədik.” Əslində, həmin illərdə atılan hər addım – ordu quruculuğu, iqtisadi inkişaf, diplomatik mövqelərin gücləndirilməsi – gələcək zəfərin təməli idi.

Xalq bir amal uğrunda birləşmişdi: torpaqlarımızı azad görmək! 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi xalqımızın ədalət mübarizəsinin son mərhələsi oldu. 44 gün ərzində Azərbaycan Ordusu yüksək peşəkarlıq, qəhrəmanlıq və texnoloji üstünlüklə düşmən ordusunu darmadağın etdi. Düşmən illərlə “alınmaz qala” adlandırdığı mövqeləri itirirdi. Ən böyük döyüş – Şuşa uğrunda savaş – qəhrəman oğullarımızın fədakarlığı ilə başa çatdı. 8 noyabr 2020-ci ildə Şuşanın azad olunması xəbəri bütün Azərbaycanı ayağa qaldırdı. O gün – Zəfər Günü – tarixə qızıl hərflərlə yazıldı. 10 noyabrda Ermənistan kapitulyasiya aktını imzaladı. Beləliklə, 30 illik işğal dövrü başa çatdı, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu zəfər təkcə hərbi qələbə deyil, həm də milli kimliyimizin, dövlətimizin gücünün təsdiqidir.

Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, xalqın birliyi, ordumuzun qəhrəmanlığı bu qələbəni mümkün etdi. Bu gün Zəfər Günü təkcə bir bayram deyil, həm də gələcək nəsillərə bir çağırışdır: vətəni sevmək, qorumaq və inkişaf etdirmək hər birimizin borcudur. Qarabağda geniş bərpa və quruculuq işləri aparılır. “Ağıllı şəhər”, “ağıllı kənd” layihələri, yeni yollar, hava limanları, elektrik stansiyaları, yaşayış binaları – bütün bunlar azad olunmuş torpaqların dirçəlişini təmin edir. Məcburi köçkünlərin doğma yurdlarına qayıtması tarixi ədalətin bərpasıdır. 8 Noyabr Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin qüdrətinin və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyinin nəticəsidir. Bu gün hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Biz bu zəfəri şəhidlərimizin qanı bahasına qazandıq. Onların ruhu qarşısında baş əyərək, bu torpaqları əbədi azad və inkişaf etmiş görmək bizim müqəddəs borcumuzdur.

İsmayıl Nağızadə,
Yeni Azərbaycan partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button