
Qədim Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, həm də yaxın silahdaşı idi. O, həyatı boyu Ümummilli Liderə həmişə mənəvi dayaq, arxa olub. Ulu Öndər deyərdi: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.
1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib. 1940-1950-ci illərdə Azərbaycanda göz xəstəliklərinin, xüsusən traxomanın geniş yayıldığı bir dönəmdə onun tədqiqatları önəmli rol oynayıb. Tədqiqatlarının yekunu kimi 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. Bu cəfakeş oftalmoloq-alimin diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi də xüsusi yer tutub. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının patologiyasını dərindən tədqiq edib. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb. Bu kimi uğurlarına görə, 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib. 1981-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülən Zərifə xanım bir il sonra oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə keçmiş İttifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına Mükafatına layiq görülüb. O, bu mükafata layiq görülən ilk azərbaycanlı qadın olub. Səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edən, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən professor Zərifcə xanım, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifi kimi də tanınıb. Belə ki, o, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olub.
“Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır” deyən akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub.
Zərifə xanım xeyli sayda fəxri adlara, elmi titullara, mükafatlara layiq görülüb. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır. Yeri gəlmişkən, dövlət başçımız anası haqqında belə deyir: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.”.
Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişib. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn olunub. Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən qeyd olunub.
Mətanət Cəfərova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi