AnalitikaGündəmSəhiyyə

Zərifə Əliyeva ömrünü həm ailəsinə, həm də Azərbaycan tibb elminə həsr edən fədakar alim olmuşdur

15 aprel – Azərbaycan tibb elminin inkişafında əvəzsiz xidmətləri olmuş, insanlara şəfa bəxş etməyi həyat amalına çevirmiş, görkəmli oftalmoloq alim, akademik Zərifə Əziz qızı Əliyevanın anım günüdür. Bu tarix hər il Azərbaycan cəmiyyətində böyük ehtiramla qeyd edilir, onun zəngin elmi irsi, mənəvi dəyərlərə söykənən ömür yolu bir daha xatırlanır. Zərifə Əliyeva 1923-cü il aprelin 28-də qədim və mədəniyyət beşiyi olan Naxçıvan şəhərində dünyaya gəlmişdir. Atası – Azərbaycanın tanınmış dövlət və ictimai xadimi, maarifçi ziyalı Əziz Əliyev övladlarının elmli, ziyalı, vətənə yararlı insan kimi formalaşması üçün əlindən gələni etmişdir. Belə bir ailədə böyüyən Zərifə xanım da atasının yolunu davam etdirərək, həyatını elmə, insanlara xidmətə həsr etmişdir. Zərifə Əliyeva Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirdikdən sonra göz xəstəliklərinin öyrənilməsi sahəsində peşəkar fəaliyyətə başlamışdır. O, uzun illər ərzində Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda çalışaraq burada bir çox yeniliklərə imza atmışdır. Zərifə xanımın tədqiqatları xüsusilə peşə ilə bağlı göz xəstəliklərinin öyrənilməsinə və onların müalicə üsullarının təkmilləşdirilməsinə yönəlmişdir. Oftalmologiya sahəsində apardığı fundamental elmi işlər nəticəsində Zərifə Əliyeva tibb elmləri doktoru elmi dərəcəsini almış, daha sonra isə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. Onun rəhbərliyi altında aparılan tədqiqatlar bir çox yeni diaqnostika və müalicə metodlarının tətbiqinə imkan yaratmışdır. Bu da öz növbəsində həm tibbi praktikada, həm də elmi mühitdə böyük əks-səda doğurmuşdur. Zərifə xanımın elmi əsərləri, monoqrafiyaları və yüzlərlə elmi məqaləsi təkcə Azərbaycanda deyil, bir çox xarici ölkələrdə də çap olunmuş, elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. O, oftalmologiyanın müxtəlif sahələrinə dair elmi kadrların hazırlanmasına da xüsusi önəm verərək, gənc tibb işçilərinin yetişməsində böyük rol oynamışdır. Zərifə Əliyeva yalnız böyük alim deyil, həm də yüksək mənəvi dəyərlərə sahib olan bir ziyalı, qayğıkeş insan idi. O, həkimlik peşəsinə öz həyatının mənası kimi yanaşırdı – insanlara yardım etmək, onları sağlamlığa qovuşdurmaq onun üçün ən böyük xoşbəxtlik idi. Pasiyentləri ilə davranışında səmimi, diqqətli və qayğıkeş olan Zərifə xanım, həm də həmkarları, tələbələri və ətrafındakı insanlar üçün əsl mənəviyyat örnəyi idi. Bütün həyatını xalqa, elmə və vətənə xidmətə həsr edən bu nəcib insan ictimai fəaliyyətlə də daim məşğul olmuşdur. O, qadınların elmə və cəmiyyətə inteqrasiyası məsələlərində fəal iştirak etmiş, Azərbaycan qadınının intellektual və mənəvi simasının formalaşmasında böyük rol oynamışdır. Zərifə Əliyevanın şəxsi həyatı da nümunəvi olmuşdur. O, ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, ölkə Prezidenti İlham Əliyevin anası kimi də Azərbaycan cəmiyyətində yüksək hörmət qazanmışdır. Bu ailə modeli illərdir ki, xalqımıza və gənc nəslə örnək olur. Zərifə xanım ailəsinə bağlı, vətənpərvər və ziyalı qadın kimi həm cəmiyyətin, həm də ailə institutunun möhkəmlənməsində mühüm rol oynamışdır. Zərifə Əliyevanın əziz xatirəsi bu gün də Azərbaycan xalqının yaddaşında yaşayır. Onun adına küçələr, məktəblər, tibb müəssisələri, xatirə abidələri vardır. Həyat və fəaliyyətinə dair sənədli filmlər çəkilmiş, əsərlər yazılmış, ölkədə və xaricdə elmi konfranslar təşkil olunmuşdur. Zərifə xanım Əliyeva Azərbaycan qadınının elmə, ailəyə və vətənə xidmət nümunəsidir. Akademik Zərifə Əliyevanın həyatı və fəaliyyəti Azərbaycan elmi və cəmiyyətinin böyük uğurlarından biridir. Onun zəhmətkeşliyi, elmə bağlılığı, insanlara sevgisi və yüksək mənəvi dəyərləri bu gün də hər birimiz üçün örnəkdir. Onun ömür yolu göstərir ki, elm və mərhəmət birləşəndə cəmiyyət üçün nə qədər dəyərli bir irs yaranır. 15 aprel tarixində böyük alimin xatirəsini bir daha dərin ehtiramla yad edirik.

Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası, məsləhətçi  

Oxşar Xəbərlər

Back to top button