
15 aprel Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Zərifə Əziz qızı Əliyevanın anım günüdür. Zərifə xanım Əliyevanın Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsində müstəsna rolu olmuşdur.
Zərifə Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir və yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.
Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqu“ jurnalı redaksiya heyətinin üzvü idi. Zərifə xanım özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi. 1968-ci ildən başlayaraq məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlayan Z. Əliyevanın əvəzsiz xidmətləri olmuşdur.
Yüksək elmi nailiyyətlərinə görə 1980-ci ildə Azərbaycan əməkdar elm xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M. İ. Averbax adına mükafatına layiq görülmüşdür ilk qadındır. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Ə.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Bundan başqa Z.Ə.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır. 2002-ci ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi olaraq fəaliyyət göstərən Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutu Zərifə xanımın xatirəsini əbədi yaşatmaqdadır.
Ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişən Zərifə xanım Əliyevanın xatirəsini dərin hüzn və hörmək hissi ilə anırıq!
Aysel Fərzəli,
Maştağa qəsəbəsi, 293 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi