AnalitikaGündəmSosial

Rəşadət Xalıqov: Ulu Öndərin “hər bir Azərbaycan gənci müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” vəsiyyəti gənclərin fəaliyyət planının ana tezisi olmalıdır

“1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı Sərəncamla MDB və Şərqi Avropa məkanında ilk dəfə təsis edilən 2 Fevral – Gənclər Günü gəncləri dövlətin əsas kapitalı kimi tanıdib və BMT-nin Beynəlxalq Gənclər Günündən (12 avqust) iki il əvvəl Azərbaycanın qlobal miqyasda öncül mövqeyini təsdiqləyib. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti dövlətçilik fəlsəfəsinin ayrılmaz hissəsi idi. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, “Qızıl kitab” mexanizmi, Prezident təqaüdləri, xarici ölkələrə tələbə göndərmə ənənəsinin bərpası və inkişafı, 1996-cı ildən Gənclər forumlarının təşkili bunun bariz nümunəsidir. Ulu Öndərin 2002-ci ildə dediyi kimi: “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu siyasəti yeni dövrün reallıqlarına uyğunlaşdıraraq daha da gücləndirdi. “Gənclər ili” (2007), Gənclər Fondu (2011), “Gənclər üçün Prezident Mükafatı” (2013), “Yüksəliş” müsabiqəsi (2019), Gənclərin İnkişaf və Karyera Mərkəzləri (44 bölmə ilə), “Könüllülər ili” (2020), çoxsaylı Dövlət Proqramları, xarici təhsil layihələri və digər görülən işlərə gənclərə böyük məsuliyyət yükü verir.

O əlavə edib ki, gənclər siyasətin ən böyük sınağı və təsdiqi isə 2020-ci il Vətən müharibəsi oldu. Zəfərin əsas qəhrəmanları məhz Ulu Öndərin yetişdirdiyi və Prezident İlham Əliyevin inkişaf etdirdiyi gənclər idi. Cəbhədə canlarından keçən, informasiya müharibəsində sosial şəbəkələrdə Azərbaycanın haqq səsini dünyaya çatdıran, arxa cəbhədə könüllü olaraq səfərbər olan gənclər 30 illik işğala son qoydular. Onların əziyyəti, fədakarlığı və rəşadəti sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız tarixi torpaqlarına qovuşdu. Bu Zəfər gənclərin mənəvi gücünün, vətənpərvərliyinin və dövlətə sədaqətinin tarixi təsdiqidir.

Rəşadət Xalıqov qeyd edib ki, 2026-cı ildə bu siyasət yeni zirvəyə yüksəlir. “Şəhərsalma və Memarlıq İli” elan olunduğu dövrdə gənclərin Qarabağ yenidənqurmasındakı rolu ön plana çıxır. Azərbaycan Gənclərinin XI Forumunda “Şəhərsalma və Memarlıq İli: Gənclərin Baxışı” sessiyası keçiriləcək, GəncFest Xankəndidə gənclər yenidənqurma ideyalarını müzakirə edəcəklər, “Goranboy 2026 – Gənclər Paytaxtı” layihəsi regional inkişafda gənclərin fəallığını artıracaq. Dördüncü Sənaye İnqilabı dövründə AI, robototexnika və innovasiya layihələrində Azərbaycan gəncləri ön cəbhədədir. Beynəlxalq TDT, İƏT, AQEM kimi formatlarda yüzlərlə gənc ölkəni təmsil edir.

YAP Nizami rayon təşkilatınım sədr müavini əlavə edib ki, post-zəfər dövründə gənclərin əziyyəti xüsusilə qiymətləndirilməlidir. Könüllülər hərəkatında gecə-gündüz fəaliyyət göstərən, sosial proqramlarda iştirak edən, təhsildə və idmanda rekordlar qıran gənclər Azərbaycanın gələcəyini qurur. Onların əziyyəti, zəhməti xüsusi qəhrəmanlıqdır. Şəhid və qazi ailələrinin yanında durmaq, minalardan təmizlənmiş torpaqlarda könüllü işləmək, xaricdə təhsil alıb ölkəyə qayıtmaq, informasiya məkanında haqqı müdafiə etmək – bütün bunlar gənclərin fədakarlığının nümunəsidir.

Onun sözlərinə görə, bu gün Azərbaycan gəncliyi qlobal çağırışlara cavab verən nəsildir. İnformasiya müharibəsində qalib gələn, innovasiya ilə iqtisadiyyatı gücləndirən, beynəlxalq arenada ölkəni layiqincə təmsil edən məhz gənclərdir. Heç şübhəsiz Ulu Öndərin “hər bir Azərbaycan gənci müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” vəsiyyəti gənclərin fəaliyyət planının ana tezisi olmalıdır.

Oxşar Xəbərlər

Back to top button