AnalitikaGündəmSiyasət

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

Hər bir xalqın tarixi, azadlığı və milli kimliyi onun müqəddəs rəmzlərində təcəssüm olunur. Bu rəmzlər içərisində elə biri var ki, onu gördükdə qəlblər qürurla döyünür, gözlər sevinclə parıldayır. Bu bizim üçrəngli Dövlət Bayrağımızdır. Hər il noyabrın 9-u ölkəmizdə böyük coşqu və qürurla Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Cümhuriyyət hökumətinin iclasında qəbul edilmişdir. Bu bayraq xalqımızın azadlıq arzusunun, müstəqillik əzminin və gələcəyə inamının ilk böyük ifadəsi idi.

Bayrağımızın hər bir rəngi dərin fəlsəfi və milli məna daşıyır.

Mavi rəng Türk xalqına mənsubiyyəti, türkçülüyü və açıq səmanı simvolizə edir.

Qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək və sivilizasiyanı ifadə edir.

Yaşıl rəng İslam sivilizasiyasına mənsubiyyəti, dinimizi və həyatı, bəşəriyyəti tərənnüm edir.

Mavi, qırmızı və yaşıl zolaqların ortasında yerləşən ağ rəngli səkkizguşəli ulduz və aypara isə həm İslamın simvolu, həm də Azərbaycan əlifbasında “Azərbaycan” sözünün köhnə əlifba ilə yazılışındakı rəqəmlərə və ya səkkiz türk xalqına işarə olaraq qəbul edilir.

Sovet hakimiyyəti illərində bu müqəddəs bayrağın dalğalanması qadağan edilsə də, xalqımızın yaddaşından silinmədi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında üçrəngli bayrağımız ilk dəfə Naxçıvanda Muxtar Respublikanın dövlət bayrağı olaraq qəbul edildi. Bu tarixi addım müstəqilliyə gedən yolda çox mühüm mərhələ idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi təsis edilmişdir.

Bu gün Dövlət Bayrağı Günü xüsusilə başqa bir məna, başqa bir ucalıq daşıyır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində üçrəngli bayrağımız illərdən beri həsrətində olduğumuz doğma torpaqlarımızda – Xankəndidə, Xocalıda, Şuşada, Laçında və digər azad olunmuş yurdlarımızda əzəmətlə dalğalanır.

Şuşanın azad edilməsindən sonra Zəfər meydanına sancılan bayraq xalqımızın qəhrəmanlığının və əbədi müstəqilliyinin sarsılmaz sübutudur.

Dövlət bayrağı Vətənin sevgisi, şəhidlərimizin müqəddəs qanı, gələcəyə olan inamımızdır. Hər bir azərbaycanlı bayrağımızı uca tutmaqla öz tarixi köklərinə, dövlətçiliyinə və gələcəyinə sədaqətini nümayiş etdirir.

Qoy Azərbaycan bayrağı hər zaman səmalarda azadlıq, sülh və rifah rəmzi olaraq dalğalansın! Bayraq Günümüz mübarək olsun!

Həmidə Əliəvsərova,
KBTRL-nin həkim-pediatr 

Oxşar Xəbərlər

Back to top button