
Müasir dövrdə gənclər hər bir dövlətin strateji inkişafında əsas hərəkətverici qüvvə kimi çıxış edir. Azərbaycanın gənclərə yönəlik siyasəti isə bu baxımdan həm regionda, həm də beynəlxalq miqyasda nümunəvi model kimi qəbul olunur. Sistemli, ardıcıl və uzunmüddətli strategiyaya əsaslanan bu siyasət ölkənin sosial-iqtisadi, siyasi və mədəni inkişafında gənclərin fəal iştirakını təmin etməklə yanaşı, onların potensialının tam reallaşdırılmasına geniş imkanlar yaradır.Azərbaycan Respublikasında gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz onun təşəbbüsü ilə gənclər dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş, bu sahədə institusional mexanizmlər formalaşdırılmışdır. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərlə bağlı ilk dövlət proqramlarının qəbul edilməsi bu siyasətin sistemli xarakter aldığını göstərir.
Bu kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir çağırışlara uyğun şəkildə zənginləşdirilir.Azərbaycan gəncləri üçün təhsil imkanlarının genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Xaricdə təhsil proqramları, ölkə daxilində ali məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, rəqəmsal bacarıqların inkişafına yönəlmiş layihələr gənclərin qlobal rəqabətə davamlı kadrlar kimi formalaşmasına xidmət edir. Xüsusilə “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” minlərlə gəncin dünyanın aparıcı universitetlərində təhsil almasına şərait yaratmışdır.Gənclərin məşğulluğunun təmin edilməsi və sahibkarlığa cəlb olunması da diqqət mərkəzindədir.
Startap ekosisteminin inkişafı, gənc sahibkarlara güzəştli kreditlərin verilməsi, innovasiya mərkəzlərinin yaradılması gənclərin iqtisadi fəallığını artırır. Bu yanaşma bir çox ölkələrdə hələ də nəzəri müzakirə mövzusu olduğu halda, Azərbaycanda artıq real nəticələr verməkdədir.Azərbaycanın gənclər siyasətində fərqləndirici cəhətlərdən biri də gənclərin idarəetmədə və ictimai-siyasi proseslərdə fəal iştirakına yaradılan şəraitdir.
Gənclər parlamenti, gənclər təşkilatları, könüllülük hərəkatları gənclərin liderlik bacarıqlarını inkişaf etdirir və onların vətəndaş cəmiyyətində rolunu gücləndirir. Xüsusilə könüllülük hərəkatı Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında mühüm rol oynamışdır.Beynəlxalq təşkilatlar və xarici ekspertlər Azərbaycanın gənclər siyasətini mütərəqqi və inklüziv model kimi qiymətləndirirlər. Gənclərin hüquqlarının qorunması, sosial müdafiəsi, sağlam həyat tərzinin təşviqi və milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi bu siyasətin əsas sütunlarını təşkil edir.
Nəticə etibarilə, Azərbaycan gənclərə yönəlik siyasətində yalnız region ölkələrini deyil, bir çox inkişaf etmiş dövlətləri və beynəlxalq ictimaiyyəti də qabaqlamışdır. Gənclərə edilən bu investisiya ölkənin gələcəyinə edilən ən etibarlı sərmayədir və Azərbaycanın dayanıqlı inkişafını təmin edən əsas amillərdən biri olaraq qalmaqdadır.
Günel Əbdürəhmənova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi



