AnalitikaGündəmSiyasət

Tam istehsal zənciri əlavə dəyərin ölkə daxilində qalmasına imkan verəcək

Müasir sənaye siyasətinin əsas prinsiplərindən biri xammalın mümkün qədər yüksək səviyyədə emal edilərək hazır məhsula çevrilməsidir. Azərbaycan dağ-mədən və metallurgiya sənayesinin inkişafında bu yanaşmanı əsas istiqamətlərdən biri kimi müəyyənləşdirir. Dövlət Proqramında yataqların istismarı ilə yanaşı, zənginləşdirmə və emal müəssisələrinin yaradılması nəzərdə tutulur.

Filizin hasil edilməsi istehsal prosesinin yalnız ilkin mərhələsidir. Filizin zənginləşdirilməsi, metalın ayrılması, emal edilməsi və son məhsula çevrilməsi əlavə dəyərin mərhələli şəkildə artmasına səbəb olur. Əgər bütün bu mərhələlər ölkə daxilində həyata keçirilərsə, iqtisadi dəyərin daha böyük hissəsi yerli iqtisadiyyatda formalaşa bilər.

Qərb Sənaye Parkı bu modelin tətbiq oluna biləcəyi əsas layihələrdən biridir. Burada filiz hasilatı ilə yanaşı, zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalının təşkili nəzərdə tutulur. Eyni yanaşma digər perspektivli yataqlar üzrə də tətbiq oluna bilər. Bu isə gələcəkdə Azərbaycanın dağ-mədən sənayesində vahid istehsal zəncirinin formalaşmasına şərait yarada bilər.

Tam istehsal zəncirinin yaradılması məşğulluq və texnologiya baxımından da əhəmiyyətlidir. Xammal hasil edən müəssisə ilə müqayisədə emal və metallurgiya müəssisələrində daha müxtəlif ixtisaslara ehtiyac yaranır. Yeni texnologiyaların tətbiqi isə yerli kadrların peşəkarlığının artırılmasına imkan verir. Nəticədə təbii ehtiyatların iqtisadi dövriyyəyə cəlb edilməsi həm sənaye istehsalını, həm də insan kapitalını inkişaf etdirə bilər.

Aytac Şahverənli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button