GündəmSiyasət

YAP-ın VIII Qurultayından irəli gələn çağırışlar gənclərlə müzakirə edilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 2B” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbir Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının, eləcə də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın qarşısında yeni dövrün reallıqlarından irəli gələn mühüm vəzifələr müəyyənləşdirib. Qeyd olunub ki, Möhtərəm Prezident, YAP sədri cənab İlham Əliyevin qurultayda səsləndirdiyi konseptual fikirlər Azərbaycanın qarşıdakı inkişaf mərhələsində partiya üzvlərinin üzərinə düşən məsuliyyəti daha da artırır. Rəşadət Xalıqov vurğulayıb ki, YAP ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvə kimi fəaliyyətini müasir çağırışlara uyğun şəkildə davam etdirməli, cəmiyyətlə əlaqələrin daha da möhkəmləndirilməsinə xüsusi diqqət yetirməlidir.

Bakı Texniki Kollecinin direktoru Akif Cahangirov çıxışında YAP-ın VIII Qurultayının ölkənin siyasi həyatında mühüm hadisə olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkənin qarşısında yeni perspektivlər açıb və bu mərhələdə gənc nəslin üzərinə mühüm vəzifələr düşür. Akif Cahangirov gənclərin keyfiyyətli təhsil alması, peşə bacarıqlarına yiyələnməsi, müasir bilik və texnologiyaları mənimsəməsi ilə yanaşı, milli-mənəvi dəyərlərə və dövlətçilik prinsiplərinə sadiq vətəndaş kimi formalaşmasının vacibliyini vurğulayıb.

YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 2B” ərazi partiya təşkilatının sədri Mələk Nağıyeva çıxış edərək qurultayda müəyyənləşdirilən prioritetlərin ərazi partiya təşkilatlarının fəaliyyətində də əsas istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakı, onların təşəbbüskarlığının dəstəklənməsi və yeni nəslin dövlətçilik ideyaları ətrafında daha sıx birləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Mələk Nağıyeva qeyd edib ki, gənclərlə işin daha da genişləndirilməsi, onların potensialından səmərəli istifadə olunması və fəal gənclərin ictimai təşəbbüslərə cəlb edilməsi ərazi partiya təşkilatının fəaliyyətində diqqət yetirilən əsas istiqamətlərdəndir.

Tədbirdə gənclərin çoxsaylı iştirakı xüsusi diqqət çəkib. Çıxışlarda vurğulanıb ki, Azərbaycanın gələcək inkişafında gənc nəslin fəallığı, dünyagörüşü, bilik və bacarıqları mühüm rol oynayır.

Tədbir zamanı Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən yeni hədəflər, ölkənin qarşıdakı inkişaf istiqamətləri, partiya təşkilatlarının üzərinə düşən vəzifələr, gənclərlə işin gücləndirilməsi və ictimai fəallığın artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Çıxışlarda Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlərin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasətin nəticəsi olduğu vurğulanıb.

Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.

Oxşar Xəbərlər

Back to top button