AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Azərbaycanın yeni tarixinin şanlı səhifəsi: 27 Sentyabr – Anım Günü

27 Sentyabr Azərbaycanın yeni tarixinin şanlı səhifəsinin, 44 günlük Vətən müharibəsinin və ədalətin bərpa olunduğu Qələbə yolunun başlanğıc günüdür. Ölkə başçısının Sərəncamı ilə hər il bu tarix Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu gün torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərindən ehtiramla yad edilir, xalqımızın qəhrəmanlıq irsi nəsillərə ötürülür.

2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin cəbhə xboyu təxribatlarına və hücumlarına cavab olaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına – “Dəmir Yumruq” əməliyyatına başladı. Otuz ilə yaxın işğal altında qalan torpaqların azad olunması uğrunda aparılan bu haqq mübarizəsi bütün xalqın bir yumruq kimi birləşməsini təmin etdi.

Bu savaş yalnız hərbi əməliyyat deyil, həm də milli qürurun, ləyaqətin və haqqın bərpası idi. Azərbaycan əsgərinin şücaəti, xalqın arxa cəbhədə göstərdiyi həmrəylik qısa müddətdə düşməni məğlubiyyətə uğratdı. 44 gün davam edən döyüşlər nəticəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğala son qoyuldu, tarixi ədalət bərpa olundu.

“Şəhidlərimizin qanı yerdə qalmadı, biz döyüş meydanında düşmənə layiq olduğu cavabı verdik, ədaləti bərpa etdik. Azərbaycan xalqı hər zaman şəhidlərimizin əziz xatirəsini uca tutacaq.”- Prezident İlham Əliyev

Anım Günü həm kədər, həm də sonsuz qürur günüdür. Azərbaycan xalqı hər il sentyabrın 27-si saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edir. Küçələrdə, meydanlarda, dövlət qurumlarında və hər bir evdə qəhrəmanların xatirəsinə ehtiram nümayiş etdirilir.

Şəhid ailələrinə və qazilərə göstərilən dövlət dəstəyi hər zaman diqqət mərkəzindədir, onların sosial rifahının yaxşılaşdırılması əsas prioritetlərdəndir.

Gənc nəsillərin Vətənə sədaqət ruhunda böyüməsi üçün şəhidlərimizin keçdiyi dövlətçilik və qəhrəmanlıq yolu örnəkdir.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizi dərin hörmət və minnətdarlıqla anırıq! Ruhunuz qarşısında baş əyirik!

Tənzilə Lətifova,
Nizami Rayon Mədəniyyət Mərkəzinin metodisti

Oxşar Xəbərlər

Back to top button