
Sentyabrın 26-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzulu tədbir qlobal miqyasda diqqət mərkəzində olub. Müasir dövrdə beynəlxalq münasibətlər sistemində dərin böhranların, geosiyasi gərginliklərin və iqtisadi qeyri-sabitliklərin hökm sürdüyü bir vaxtda Azərbaycan liderinin səsləndirdiyi fikirlər dünya ictimaiyyəti və qlobal investorlar üçün mühüm strateji istiqamətləri müəyyənləşdirdi.
Dünyada ənənəvi ticarət və təchizat xətlərinin ciddi sınaqlarla üzləşdiyi bir dövrdə Azərbaycanın otuz ildən artıq müddətdə qoruyub saxladığı daxili sabitlik ölkənin əsas rəqabət üstünlüyü kimi çıxış edir. Prezident İlham Əliyev qlobal miqyasda müşahidə olunan risklərə toxunaraq bildirmişdir: “Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir. Azərbaycan dünyada və regionda sabitlik, təhlükəsizlik və proqnozlaşdırıla bilənlik adasıdır. Otuz ildən artıqdır ki, ölkəmizdə siyasi və iqtisadi sabitlik hökm sürür. İndiyədək görülən işlər gələcək inkişafın əsas ilkin şərti olub. Çünki görülən işlər, sabit iqtisadiyyat, müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcək haqqında danışmaq çətin olardı.” Dövlət başçısı qeyd etmişdir ki, son 30 ildə ölkə iqtisadiyyatına yatırılmış 360 milyard ABŞ dollarından çox sərmayə beynəlxalq maliyyə institutlarının və aparıcı korporasiyaların Azərbaycana olan etimadının göstəricisidir.
Cənubi Qafqazın qlobal ticarət yollarındakı rolunu dəyərləndirən Prezident İlham Əliyev Azərbaycanın unikal coğrafi mövqeyini və bu istiqamətdə görülən işləri diqqətə çatdırıb: “Azərbaycan azsaylı ölkələrdəndir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır. Regionumuzda geosiyasi vəziyyət dəyişsə belə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq.” Respublikamızın nəqliyyat qovşağı kimi malik olduğu imkanlar qlobal logistikanın şaxələndirilməsində və şərqlə qərbi birləşdirən körpü rolunun möhkəmlənməsində həlledici rol oynayır.
Dövlət başçısının çıxışında iqtisadiyyatın şaxələndirilməsi, xüsusilə də bərpaolunan enerji mənbələrindən istifadə ölkənin gələcək inkişaf modelinin özəyi kimi göstərilib. Dövlət başçısı yaşıl enerji strategiyasını aşağıdakı kimi səciyyələndirib: “Mən bir neçə əsas prioriteti qeyd edərdim. Onlardan biri bərpaolunan enerjidir. Biz nəhəng potensiala malikik. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı 157 giqavat təşkil edir. Bundan əlavə, quruda yerləşən günəş və külək elektrik stansiyaları artıq fəaliyyət göstərir.” Bununla yanaşı, istehsal olunan yaşıl enerjinin daxili imkanlarla əlaqələndirilməsi xüsusi vurğulanıb: “Biz bu məsələyə iki istiqamətdən yanaşırıq. Birincisi, həmin enerjidən süni intellekt və məlumat mərkəzləri də daxil olmaqla, ölkə daxilində maksimum dərəcədə necə istifadə etməkdir. İkincisi isə elektrik enerjisinin necə ixrac olunmasıdır. Bizdə elektrikötürücü xətlər var, lakin onların gücü kifayət etmir. Buna görə də hazırda yeni elektrikötürücü xətlərin yaradılması və mövcud xətlərin genişləndirilməsi üzərində işləyirik.”
Yaşıl enerji keçidinə baxmayaraq, neft-qaz sektorunun da ölkənin iqtisadi qüdrətinin formalaşmasındakı mövqeyi qorunub saxlanılır. Prezident İlham Əliyev bu balansın zəruriliyini qeyd edib: “Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir. Buna görə də neft-qaz sektoru iqtisadiyyatımızda dominant mövqeyini qoruyacaq və yenidən investisiyaya yönəldiləcək sərvətin formalaşdırılmasını davam etdirəcək.” Eyni zamanda, qeyri-neft sektorunun ÜDM-dəki payının 70 faizdən çox olduğunu xatırladan dövlət başçısı sənayenin digər sahələrinin də stimullaşdırıldığını bildirib: “Böyük potensiala malik sahələrdən biri də mədən sənayesidir. Bir neçə gün əvvəl mədən sənayesi ilə bağlı dövlət proqramı qəbul edilib. Bu, dörd ili əhatə edən qısamüddətli proqramdır və sahədə böyük fəallıq yaradacaq.”
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində səsləndirilən fikirlər bir daha təsdiq etdi ki, Azərbaycan qlobal qeyri-müəyyənliklər şəraitində etibarlı tərəfdaş, regional təhlükəsizlik və iqtisadi sabitlik dirəyidir. Bakının irəli sürdüyü nəqliyyat dəhlizləri, yaşıl enerji təşəbbüsləri və investisiya mühiti Cənubi Qafqazın gələcək tərəqqisinə zəmin yaradır.
Fətullayev Nihad,
Nizami rayonunun fəal gənci, Bakı Dövlət Universitetinin tələbəsi



