
1995-ci il 12 noyabr tarixi müstəqil və azad Azərbaycan Respublikasının şanlı dövlətçilik mərhələsini ifadə edən bir gündür. 1995-ci ilin məhz bu günündə müstəqil Azərbaycan Respublikasının ali normativ hüququ sənədi olan ilk Konstitusiyası ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edildi. Bu mühim sənəd həmin il noyabrın 27-də qüvvəyə mindi. Böyük hüquqi əhəmiyyətə malik olan bu hadisə müstəqilliyini yenidən bərpa etmiş ölkəmizin hüquqi əsaslarının formalaşdırılması, dövlət idarəçiliyinin prinsiplərinin müəyyənləşdirilməsi və cəmiyyətin gələcək inkişaf istiqamətinin təsbit olunması baxımından xüsusi əhəmiyyət kəsb edirdi.
Konstitusiyanın qəbul edilməsi sadəcə yeni hüquqi sənədin təsdiqi deyildi. Bu önəmli konseptual sənəd, Azərbaycan xalqının hansı dövlət quruluşunda yaşamaq, hansı dəyərləri əsas götürmək və gələcək müqəddaratını hansı prinsiplər üzərində qurmaq istədiyini ifadə edən ümumxalq seçimidir. Konstitusiyanın preambulasında azadlığın, müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunması, demokratik quruluşa təminat verilməsi, hüquqi və dünyəvi dövlətin yaradılması, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar olması əsas niyyətlər kimi göstərilir. Bu müddəalar dövlətin hüquqi simasını müəyyən etməklə yanaşı, onun qarşısında duran başlıca məsuliyyəti də ifadə edir.
Əsas ideyanın mühüm prinsiplərindən biri dövlət hakimiyyətinin yeganə mənbəyinin xalq olmasıdır. Xalq isə öz suveren hüququnu referendum və seçkilər vasitəsilə həyata keçirir. Konstitusiyada qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin səlahiyyətləri müəyyənləşdirilir, onların qarşılıqlı fəaliyyəti və öz səlahiyyətləri çərçivəsində müstəqilliyi təsbit olunur. Bu bölgü dövlət idarəçiliyində tarazlığın qorunmasına, səlahiyyətlərin hüquqi çərçivədə həyata keçirilməsinə xidmət edir. Hüququn aliliyi isə yalnız dövlət orqanlarının deyil, hər bir vətəndaşın da qanun qarşısında məsuliyyət daşımasını nəzərdə tutur.
Konstitusiyanın əhəmiyyəti onun maddələrinin hüquq kitablarında, qanunlarda yer alması ilə məhdudlaşmır. İnsan ləyaqətinin qorunması, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, təhsil, əmək, istirahət, sağlamlığın qorunması, sosial təminat, fikir və söz azadlığı kimi hüquqlar insanların gündəlik həyatına birbaşa təsir edir. Vətəndaşın dövlət orqanlarına müraciət etmək, hüquqlarının müdafiəsini tələb etmək və qanuni yollarla öz mövqeyini ifadə etmək imkanları da konstitusion təminatların tərkib hissələrindəndir. Bu baxımdan ali konseptual sənəd hesab edilən, Konstitusiya insanla dövlət arasında münasibətlərin hüquqi çərçivəsini müəyyən edir: dövlətin vəzifələrini göstərir, vətəndaşın hüquqlarını, azadlıqlarılnı tanıyır və həmin hüquq və azadlıqlara hörmət edilməsini tələb edir.
Ailənin, uşaqların dövlət təminatında olmasının, təhsilə dövlət dəstəyinin önəminin Konstitusiyada ayrıca yer tutması təsadüfi deyil. Ailə cəmiyyətin təməl özəyi kimi dövlətin xüsusi himayəsindədir, bu da o deməkdir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcu olmaqla yanaşı, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət şəxsən nəzarət edir. Hər bir vətəndaşın təhsil almaq hüququnun təsbit olunması isə gələcəyin insan kapitalının inkişafına verilən dəyərin hüquqi ifadəsidir. Bu müddəalar dövlət məktəbəqədər təhsil müəssisələrindən başlayaraq bütün təhsil sahəsində çalışanların fəaliyyətinə də mənəvi məsuliyyət yükləyir: uşağın təhlükəsizliyi, ləyaqəti, inkişafı və bərabər imkanları gündəlik işin əsas meyarı olmalıdır. Hüquqa hörmət ilk olaraq ailədə, məktəbdə və cəmiyyətin hər bir mühitində formalaşır.
Azərbaycan Respublikasının ali qanunvericilik aktı hesab edilən Konstitusiya vətəndaşa və vətəndaşlığı olmayan şəxslərə geniş hüquq və azadlıqlar tanıyır, eyni zamanda həmin hüquqların cəmiyyət və digər insanlar qarşısında məsuliyyətlə müşayiət olunduğunu bildirir. Hər kəsin hüququna hörmətlə yanaşmaq, qanunlara riayət etmək, ictimai əmlaka və milli-mənəvi irsə qayğı ilə yanaşmaq hüquqi mədəniyyətin gündəlik təzahürlərindəndir. Həm iqtisadi, həm də fizioloji haxımdan güclü hüquqi dövlət yalnız mükəmməl qanunlarla deyil, həmin qanunların hamı tərəfindən eyni dərəcədə qəbul edilməsi və tətbiqi ilə möhkəmlənir. Bu səbəbdən Konstitusiyanı bilmək, onun maddələrində əks olunmuş prinsipləri gündəlik davranışa çevirmək hər birimizin vətəndaşlıq borcudur.
Daim dəyişməkdə, inkişaf etməkdə olan cəmiyyət, yeni ictimai münasibətlər və idarəçilik ehtiyaclarını meydana çıxarı. Konstitusiya da qanunvericilikdə nəzərdə tutulmuş qaydalarda, xalqın iradəsinə və milli şüuruna əsaslanan referendumlar vasitəsilə yenilənir. Bu səbəbdən xalqın rifahı naminə Azərbaycan Respublikasının Konstitusiyasına 24 avqust 2002-ci, 18 mart 2009-cu və 26 sentyabr 2016-cı il referendumları ilə əlavə və dəyişikliklər edilmişdir. Bu tarixlər ölkənin hüquqi sisteminin inkişaf perspektivlətini əks etdirir. Dəyişikliklərin həcmindən və məzmunundan asılı olmayaraq, əsas prinsip dəyişməz qalır: dövlətin fəaliyyəti hüquqa söykənməli, insan və vətəndaş hüquq və azadlıqları qorunmalı, xalqın iradəsi dövlətçiliyin əsas dayağı, mayası olmalıdır.
12 Noyabr — Konstitusiya Günü yalnız tarixi əhəmiyyət kəsb edən bir hadisəni xatırlamaq üçün deyil, hüquqi dövlət quruculuğunda hər kəsin üzərinə düşən məsuliyyəti yenidən dərk etmək, hüquqi idarəetmədə iştirak etmək üçün də əlamətdar gündür.. Konstitusiyaya hörmət dövlətə, cəmiyyətə, xalqa, vətəndaşa və insana hörmət deməkdir. Bu sənədin prinsiplərini yaşatmaq, onun bütövlüyün təmin etmək, hüquqlarımızı bilmək, vəzifələrimizi yerinə yetirmək və gələcək nəsillərdə hüquqi düşüncəniformalaşdırmaq müstəqil Azərbaycanın davamlı inkişafına xidmət edən ümumi vəzifəmizdir.
Axundzadə Nurlana, Nərimanov rayonu 42 saylı körpələr evi-uşaq bağçasının müdiri, YAP Nərimanov rayon üzrə ƏPT sədri



