
Azərbaycanın müasir dövlətçilik tarixində Ümummilli Lider Heydər Əliyevin xidmətləri müstəsna əhəmiyyət daşıyır. Onun siyasi fəaliyyəti ölkənin müstəqilliyinin qorunması, dövlət institutlarının formalaşdırılması və milli maraqların hüquqi əsaslarla təmin edilməsi istiqamətində mühüm mərhələ təşkil edir. Ulu Öndər dövlətin möhkəm təməllər üzərində inkişaf etməsi üçün ilk növbədə mükəmməl hüquqi sistemin yaradılmasını vacib hesab edirdi.
1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi bu strategiyanın ən mühüm nəticələrindən biri oldu. Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Konstitusiya Komissiyası ölkənin tarixi təcrübəsini, milli dəyərlərini və beynəlxalq hüququn mütərəqqi prinsiplərini nəzərə alan sənəd hazırladı. Referendumun keçirilməsi isə Konstitusiyanın xalqın iradəsinə əsaslanmasını təmin etdi.
Ulu Öndərin Konstitusiya quruculuğu sahəsindəki xidmətləri yalnız 1995-ci il sənədi ilə məhdudlaşmır. Hələ 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının hazırlanması zamanı onun təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi milli kimliyin və dilimizin qorunması baxımından mühüm tarixi addım olmuşdur. Bu qərar xalqın mənəvi sərvətlərinə və milli varlığına göstərilən diqqətin bariz nümunəsi idi.
1995-ci il Konstitusiyası müstəqil dövlətin siyasi və hüquqi sisteminin əsaslarını müəyyən etməklə insan hüquqlarının müdafiəsini, hakimiyyət bölgüsünü və qanunun aliliyini dövlət quruculuğunun başlıca prinsipləri sırasına daxil etdi. Bu sənəd ölkənin gələcək inkişafı üçün uzunmüddətli hüquqi istiqamət formalaşdırdı.
Bu gün Azərbaycanın əldə etdiyi siyasi, iqtisadi və hərbi uğurlar Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyasının davamlılığını nümayiş etdirir. Prezident İlham Əliyev həmin siyasi kursu müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirərək Azərbaycanın suverenliyini və beynəlxalq mövqelərini daha da gücləndirmişdir. Heydər Əliyevin Konstitusiya quruculuğu sahəsindəki irsi isə milli dövlətçilik tariximizin ayrılmaz hissəsi olaraq qalır.
Sevda Abdullayeva,
YAP Nizami rayon təşkilatının “Özbəkistan küçəsi, 11” ərazi partiya təşkilatının sədri



