AnalitikaGündəmOrduQarabağ və Şərqi ZəngəzurSiyasət

İrs və mədəniyyət xəzinəmiz olan Cəbrayılın hər bir daşı gələcək nəsillər üçün qürur mənbəyidir

Cəbrayıl rayonu təkcə strateji mövqeyi ilə deyil, həm də qədim tarixi, zəngin mədəni irsi, maddi-mənəvi abidələri ilə seçilir. Rayon ərazisindəki qədim yaşayış məskənləri, türbələr, körpülər Azərbaycanın qədim köklərə malik olduğunu sübut edən əyani sübutlardır. Xudafərin körpüləri Cəbrayılın dünya miqyaslı memarlıq incisi olmaqla yanaşı, xalqımızın qədim ticarət və mədəniyyət əlaqələrinin şahididir. Araz çayı üzərində yerləşən bu möhtəşəm abidələr əsrlər boyu sivilizasiyaları birləşdirən körpü rolunu oynamışdır. Təəssüf ki, otuz illik işğal dövründə Cəbrayılın digər maddi-mənəvi abidələri kimi mədəni irsi də erməni vandalizminə məruz qalmışdır. Tarixi məscidlər, qəbiristanlıqlar, mədəniyyət evləri və muzeylər sistemli şəkildə dağıdılmış, yer üzündən silinməyə çalışılmışdır. Lakin daşlar sussa da, tarixi yaddaş heç vaxt silinmir və xalqımızın qəlbində yaşayan mədəniyyət ocaqları zamanla yenidən canlanır.

4 oktyabr Cəbrayıl şəhəri günü məhz bu zəngin irsin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır. Azadlıqdan sonra Cəbrayılda aparılan bərpa və quruculuq işləri zamanı tarixi abidələrin də ilkin görkəminin bərpasına xüsusi diqqət yetirilir. Xudafərin körpülərinin ətrafı indi yenidən turizm və mədəniyyət mərkəzinə çevrilmək üzrədir. Rayonun zəngin təbiəti, meşələri, bulaqları və məhsuldar torpaqları yenidən öz əsl sahiblərinə qovuşub. Cəbrayılın ziyalıları, sənət adamları və tarixi şəxsiyyətləri Azərbaycan mədəniyyət tarixinə silinməz izlər qoymuşdurlar. Aşıq yaradıcılığının və poeziyanın beşiyi olan bu torpaq hər zaman yaradıcı insanların ilham mənbəyi olub. İşğaldan azad olunduqdan sonra Cəbrayılda keçirilən mədəniyyət tədbirləri rayonun ədəbi mühitinin dirçəldiyini göstərir. Cəbrayıl şəhəri günü bu qədim irsin yaşadılması və dünyaya tanıdılması üçün əla imkandır. Mədəniyyət xəzinəmizin tərkib hissəsi olan Cəbrayıl indi həm də dirçəliş və intibah rəmzidir. Gənclərimiz bu qədim torpağın tarixini öyrənərək milli köklərinə daha sıx bağlanırlar. İrs və mədəniyyət xəzinəmiz olan Cəbrayılın hər bir daşı gələcək nəsillər üçün qürur mənbəyidir. Şəhərin günü münasibətilə təşkil edilən sərgilər və konsertlər mədəniyyətimizin gücünü nümayiş etdirir. Cəbrayılın tarixi irsi əbədi yaşayacaq və heç vaxt unudulmayacaqdır.

Tənzilə Lətifova,
Nizami Rayon Mədəniyyət Mərkəzinin metodisti

Oxşar Xəbərlər

Back to top button