Kəlbəcər balı – qədim arıçılıq ənənələrinin yenidən dirçəldilməsi

Kəlbəcər zəngin təbiəti, dağ çəmənlikləri, müxtəlif bitki örtüyü və əlverişli ekoloji şəraiti ilə arıçılığın inkişafı üçün geniş imkanlara malikdir. Bu bölgənin təbii xüsusiyyətləri burada istehsal olunan balın özünəməxsus keyfiyyət göstəriciləri ilə seçilməsinə şərait yaradır. Kəlbəcər Şəhəri Günü münasibətilə rayonun ənənəvi təsərrüfat sahələrindən biri olan arıçılığın yenidən inkişaf etdirilməsi məsələsi də xüsusi diqqətə layiqdir.
Kəlbəcər sakinləri tarixən heyvandarlıq, əkinçilik və arıçılıqla məşğul olublar. Dağlıq ərazilərin zəngin bitki örtüyü arıçılıq təsərrüfatlarının inkişafına əlverişli şərait yaradıb. Lakin 1993-cü ildə rayonun işğal edilməsi nəticəsində yerli əhali doğma təsərrüfatlarından məhrum olub, kənd təsərrüfatı fəaliyyəti dayanıb. Bu sahədə formalaşmış ənənələrin qorunması əsasən ailə yaddaşı və nəsildən-nəslə ötürülən təcrübə vasitəsilə mümkün olub.
Kəlbəcərin azad edilməsindən sonra burada kənd təsərrüfatının müxtəlif istiqamətlərinin bərpası üçün yeni imkanlar yaranıb. Dövlətin həyata keçirdiyi quruculuq siyasəti çərçivəsində arıçılıq məhsullarının istehsalı və satışının təşviqi də diqqət mərkəzindədir. Yerli məhsulların tanıdılması, emal və satış imkanlarının genişləndirilməsi bölgənin iqtisadi fəallığının artırılmasına xidmət edir.
Arıçılığın inkişafı Kəlbəcərdə məşğulluğun təmin olunması və kənd təsərrüfatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahənin müasir texnologiyalarla inkişaf etdirilməsi, məhsulun keyfiyyətinin qorunması və bazarlara çıxış imkanlarının genişləndirilməsi yerli istehsalçıların gəlirlərinin artmasına şərait yarada bilər. Eyni zamanda, Kəlbəcər balının ölkə daxilində və xarici bazarlarda tanıdılması bölgənin iqtisadi imicini gücləndirə bilər.
Kəlbəcər balı yalnız kənd təsərrüfatı məhsulu deyil, həm də bu torpağın təbiətini və ənənələrini özündə əks etdirən dəyərdir. Arıçılığın dirçəldilməsi doğma yurda qayıdan sakinlərin iqtisadi həyata inteqrasiyasına və qədim təsərrüfat ənənələrinin qorunmasına xidmət edir. Kəlbəcərin inkişafı onun təbii sərvətlərinin və insan potensialının birgə səylərlə qiymətləndirilməsindən keçir.
Tofiq Rüstəmli,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 2269-cu məhəllə, bina 1” ərazi partiya təşkilatının sədr müavini



