
Dövlətçilik rəmzləri müstəqil ölkənin suverenliyini, milli kimliyini və tarixi yaddaşını ifadə edən mühüm atributlardır. Azərbaycan Respublikasının dövlət bayrağı, gerbi və himni xalqımızın müstəqillik iradəsinin rəmzləridir. Konstitusiya bu rəmslərin hüquqi statusunu müəyyən etməklə onların dövlət həyatındakı yerini təsbit edir.
Azərbaycanın üçrəngli bayrağı milli dövlətçilik tariximizin və azadlıq ideallarımızın ifadəsidir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən bayraq müstəqillik rəmzi kimi xalqımızın yaddaşında xüsusi yer tutmuşdur. Dövlət müstəqilliyinin bərpasından sonra üçrəngli bayrağımız yenidən dövlət rəmzi statusu qazanmışdır.
Dövlət himni xalqın birliyini, vətənə bağlılığını və müstəqillik əzmini ifadə edir. Dövlət tədbirlərində himnin səsləndirilməsi, bayrağın ucaldılması və gerbin rəsmi məkanlarda yerləşdirilməsi dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edir.
2020-ci ildə Vətən müharibəsində Azərbaycan bayrağının işğaldan azad edilmiş ərazilərdə dalğalanması xalqımız üçün unudulmaz tarixi hadisəyə çevrildi. Bu mənzərə milli qürurun, qəhrəmanlığın və suverenliyin bərpasının rəmzi oldu. Dövlət rəmzləri həmin tarixi Zəfərin mənəvi ifadəsinə çevrildi.
Konstitusiyada dövlət rəmzlərinin hüquqi statusunun təsbit edilməsi onların qorunmasına və cəmiyyətdə hörmətlə qarşılanmasına xidmət edir. Hər bir vətəndaş dövlət rəmzlərinə hörmət etməli, onların ifadə etdiyi milli dəyərləri yaşatmalıdır. Dövlət rəmzlərinə ehtiram müstəqil Azərbaycana sədaqətin göstəricisidir.
Nuray Kərimli,
YAP Nizami rayon təşkilatının fəalı



