
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il avqust ayının 11-də Naxçıvan Muxtar Respublikasına etdiyi səfər, bu qədim diyarın gələcək inkişafı üçün mühüm tarixi əhəmiyyət kəsb edir. Dövlət başçısının Naxçıvana Prezident kimi sayca 17-ci dəfə səfər etməsi və burada iştirak etdiyi tədbirlər muxtar respublikanın hərtərəfli və sürətli sosial-iqtisadi inkişafının dövlət tərəfindən daim diqqət mərkəzində saxlanıldığını bir daha sübut edir.
Səfər çərçivəsində təməli qoyulan layihələr göstərir ki, Naxçıvanda yeni iş yerlərinin yaradılması və sənayeləşmə siyasəti uğurla davam etdirilir. Məhz bu məqsədlə təməli qoyulan Naxçıvan Sənaye Parkı ərazi böyüklüyünə görə ölkəmizdə Sumqayıt Sənaye Parkından sonra ikinci yerdə qərarlaşır.
İqtisadiyyatın inkişafı ilə paralel olaraq əhalinin sosial rifahının yaxşılaşdırılması üçün də mühüm addımlar atılır. Vaxtilə ölkə rəhbərinin göstərişi ilə yaradılan “ASAN xidmət” mərkəzi ilə yanaşı, bu gün Naxçıvanda yeni DOST Mərkəzinin açılışı vətəndaşlara daha yüksək səviyyəli xidmətin göstərilməsinə xidmət edir. Bununla bərabər, təhsil infrastrukturunun yenilənməsi məqsədilə uşaq bağçalarının tikintisi və təmiri həyata keçiriləcəkdir.
Turizm potensialı zəngin olan Naxçıvanda bu sahənin inkişafını əngəlləyən mehmanxana çatışmazlığı problemini həll etmək üçün şəhərin mərkəzində 2028-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan beşulduzlu yeni mehmanxananın təməli qoyulmuşdur. Şəhərin nəqliyyat sistemində də əsaslı islahatlar aparılmış, köhnə avtobuslar sıradan çıxarılaraq yerinə müasir, ekoloji cəhətdən təmiz yaşıl rəngli elektrik avtobusları xəttə buraxılmışdır. Şəhərlərarası və rayonlararası nəqliyyat probleminin həlli üçün isə bu il və gələn il ərzində 217 müasir avtobusun alınması barədə tapşırıq verilmişdir.
Həmçinin, 160 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların çəkilişi və əsaslı təmiri planlaşdırılır.
Naxçıvanın inkişaf strategiyasının ən mühüm istiqamətlərindən birini mütləq enerji təhlükəsizliyinin təmin edilməsi və bölgənin “yaşıl enerji zonası”na çevrilməsi təşkil edir. Hazırda muxtar respublikanın generasiya gücü 200 meqavatdır ki, bu da bugünkü daxili tələbatı tam ödəyir. Lakin artan tələbatı və gələcək ixrac imkanlarını nəzərə alaraq, generasiya gücünü 1,5 dəfə artıracaq 300 meqavatlıq yeni istilik elektrik stansiyasının təməli qoyulmuşdur.
Enerji təhlükəsizliyinin digər mühüm elementi olan qazlaşdırma sahəsində Naxçıvan ölkə üzrə liderdir; belə ki, Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz olduğu halda, Naxçıvanda bu rəqəm artıq 15 ildən çoxdur ki, 100 faiz təşkil edir. Bu nailiyyət vaxtilə İran İslam Respublikası ilə imzalanmış qaz mübadiləsi sazişi sayəsində mümkün olmuşdur.
Ekoloji cəhətdən təmiz enerji istehsalı sahəsində Naxçıvan böyük potensiala malikdir və aparılan monitorinqlər göstərir ki, Azərbaycan ərazisində Günəş enerjisi istehsalı üçün ən əlverişli məkan məhz buradır. Səfər zamanı 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının tikintisi ilə tanışlıq olmuş, gələcəkdə isə 600 hektardan çox ərazidə yüzlərlə meqavat gücündə yeni stansiyaların inşası planlaşdırılmışdır. Ümumilikdə Naxçıvanda Günəş enerjisinin istehsal potensialı 500, hətta 1000 meqavata çata bilər.
Su enerjisi ehtiyatlarından istifadə məqsədilə Ordubad rayonunun Tivi kəndində 15 meqavatdan bir qədər çox gücə malik stansiyanın tikintisi davam etdiriləcəkdir. İstehsal olunan bərpaolunan enerjinin dayanıqlılığını təmin etmək üçün birinci mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun quraşdırılması barədə göstəriş verilmişdir. Son 20 il ərzində muxtar respublikada bütün tikintilər dövlət büdcəsindən maliyyələşdirilmiş və bu məqsədlə hər il yüz milyonlarla manat vəsait ayrılmışdır. Kənd təsərrüfatının inkişafına dair qəbul edilmiş yeni Dövlət Proqramı çərçivəsində artezian quyularının qazılması və müasir suvarma sistemlərinin quraşdırılması ilə Naxçıvanın gələcək firavanlığı tam təmin ediləcəkdir.
Səbirə Həsənova,
Nizami rayonu 10 saylı məktəbin direktor müavini



