
Qubadlı rayonu zəngin su resursları, o cümlədən Həkəri və Bərgüşad çayları ilə məşhurdur. İşğal illərində düşmən bu çayların axınını dəyişdirərək və sularını kimyəvi, məişət tullantıları ilə çirkləndirərək bölgədə ciddi ekoloji böhran yaratmışdı. Rayonun azad olunması ilə bu vacib su arteriyalarının da ekoloji baxımdan xilası təmin edildi.
Azadlıqdan dərhal sonra mütəxəssislər tərəfindən Həkəri və Bərgüşad çaylarının hidroloji vəziyyəti, suyun tərkibi öyrənilməyə başlanıldı. Çay hövzələrinin təmizlənməsi və su ehtiyatlarından səmərəli istifadə üçün yeni infrastruktur layihələri işlənib hazırlandı. Bu su resursları təkcə Qubadlının deyil, ətraf rayonların da su təchizatında həlledici rol oynayır.
Gələcəkdə bu çaylar üzərində kiçik su elektrik stansiyalarının tikilməsi və “yaşıl enerji” zonalarının yaradılması planlaşdırılır. Bu, həm ekoloji tarazlığın qorunmasına, həm də regionun fasiləsiz və təmiz enerji ilə təmin olunmasına böyük töhfə verəcəkdir. Su resurslarının bərpası bölgədə kənd təsərrüfatının və balıqçılığın sürətli inkişafına da zəmin yaradır.
Qubadlının büllur bulaqları və coşğun çayları artıq azad səma altında öz təbii axarı ilə axır. Təbiətə vurulmuş yaraların sağaldılması prosesi dövlətimizin xüsusi qayğısı ilə davam etdirilir. Qubadlı torpağı öz bol su resursları ilə yenidən həyat saçır və dirçəlir.
Sevinc Həmzəyeva,
YAP Nizami rayon təşkilatının “Rizvan Teymurov küçəsi, 73” ərazi partiya təşkilatının sədri



