Qubadlıda ucalan Azərbaycan Bayrağı milli qürurumuzun rəmzidir

Azərbaycan Bayrağı xalqımızın müstəqilliyini, suverenliyini və dövlətçilik iradəsini təcəssüm etdirir. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə bu qədim yurdda üçrəngli bayrağımızın yenidən dalğalanması tarixi ədalətin bərpasının rəmzinə çevrildi. Bu hadisə illərlə doğma torpaqlarından ayrı düşmüş insanların qəlbində sevinc və qürur hisslərini gücləndirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı qələbələr dövlətimizin suverenliyinin bərpasına doğru mühüm addımlar oldu. Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi və hərbçilərimizin fədakarlığı nəticəsində işğal altında qalmış ərazilərimiz azad edildi. Qubadlıda bayrağımızın ucaldılması həmin mübarizənin əlamətdar nəticələrindən biri idi.
Qubadlı əməliyyatı zamanı Azərbaycan hərbçiləri mürəkkəb döyüş şəraitində yüksək peşəkarlıq nümayiş etdirdilər. Şəhərin azad olunması düşmənin müdafiə imkanlarını zəiflətdi və Laçın istiqamətində irəliləyiş üçün şərait yaratdı. Bu uğur Azərbaycan Ordusunun gücünü, döyüş ruhunu və qarşıya qoyulan vəzifələri yerinə yetirmək əzmini göstərdi.
Bayrağımızın işğaldan azad edilmiş torpaqlarda dalğalanması şəhidlərimizin arzularının gerçəkləşməsi deməkdir. Qubadlı uğrunda döyüşlərdə həyatını itirən qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və qazilərə göstərilən diqqət Vətən qarşısında xidmətlərin dövlət tərəfindən yüksək qiymətləndirilməsinin ifadəsidir.
Bu gün Qubadlıda aparılan quruculuq işləri üçrəngli bayrağımızın altında yeni həyatın formalaşdığını göstərir. Yeni yollar, yaşayış məhəllələri, təhsil müəssisələri və enerji obyektləri rayonun gələcək inkişafına xidmət edir. Qubadlının dirçəlişi dövlətimizin gücünü və xalqımızın doğma torpaqlara bağlılığını nümayiş etdirir.
Gövhər Məmmədova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 15” ərazi partiya təşkilatının sədr müavini



