AnalitikaDünyaGündəmSiyasət
Trend

Rəşadət Xalıqov: Prezident İlham Əliyevin siyasi strategiyası Azərbaycanın beynəlxalq mövqelərinə yeni güc qazandırır

“Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinin və artan geosiyasi əhəmiyyətinin mühüm təzahürüdür. 2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanan sənəd iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi üçün geniş perspektivlər müəyyənləşdirir. Bəyannamənin əhəmiyyəti müdafiə və təhlükəsizlik, ticarət və investisiya, enerji, nəqliyyat, təhsil, elm və innovasiya kimi strateji sahələrdə uzunmüddətli əməkdaşlığın əsas istiqamətlərini müəyyən etməsindədir”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xallqov deyib.

Rəşadət Xalıqov bildirib ki, bu sənədə Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət prinsiplərinin xüsusi yer ayrılması mühüm siyasi məna daşıyır. Eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə edilmiş irəliləyişlərin və 2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul olunmuş Bəyannamənin əhəmiyyətinin vurğulanması regionda formalaşan yeni siyasi reallıqların beynəlxalq müstəvidə diqqət mərkəzində olduğunu göstərir. Azərbaycanın irəli sürdüyü sülh gündəliyinə beynəlxalq dəstəyin genişlənməsi Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması baxımından da əhəmiyyətlidir. Böyük Britaniya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafı Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri olan müxtəlif beynəlxalq güc mərkəzləri ilə qarşılıqlı faydaya əsaslanan əlaqələr qurmaq və milli maraqları qlobal əməkdaşlıq müstəvisində təmin etmək bacarığını nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan artıq Avropa ilə Asiya arasında enerji, nəqliyyat və iqtisadi bağlantıların inkişafında mühüm rol oynayan strateji tərəfdaşdır.

“Bəyannamədə Orta Dəhlizin inkişafına, nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsinə, investisiyaların təşviqinə və enerji təhlükəsizliyinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq əməkdaşlıq təcrübəsi ölkəmizin tranzit imkanlarını daha da artırır. Böyük Britaniya ilə bu sahələrdə əməkdaşlığın genişləndirilməsi isə Azərbaycanın regional iqtisadi mərkəz kimi mövqeyinin möhkəmlənməsinə əlavə imkanlar yarada bilər. Sənəddə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, hərbi təlim və hazırlıq imkanlarının inkişafı, müdafiə sənayesi üzrə birgə təşəbbüslərin araşdırılması da xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, bərpaolunan enerji, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar üzrə əməkdaşlıq Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi və müasir inkişaf modelinə keçid strategiyası ilə uzlaşır. Təhsil, elm, süni intellekt və rəqəmsal idarəetmə istiqamətlərinin sənəddə əksini tapması isə tərəfdaşlığın gələcək onilliklərin çağırışlarına hesablandığını göstərir”.

Rəşadət Xalıqov əlavə edib ki, heç şübhəsiz hər bir strateji sənədin real əhəmiyyəti onun müddəalarının konkret layihələrə və nəticələrə çevrilməsi ilə müəyyən olunur. Bu baxımdan Azərbaycan və Böyük Britaniya arasında formalaşdırılan yeni əməkdaşlıq platformasının investisiya, texnologiya, insan kapitalı və institusional əlaqələr sahəsində praktiki nəticələr verməsi xüsusi əhəmiyyət daşıyacaq. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanın xarici siyasət strategiyası dəyişən beynəlxalq münasibətlər sistemində milli maraqların qorunmasına, tərəfdaşlıq coğrafiyasının genişləndirilməsinə və ölkənin geosiyasi imkanlarının iqtisadi üstünlüklərə çevrilməsinə əsaslanır.

Onun sözlərinə görə, Böyük Britaniya ilə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə də bu baxımdan Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və gələcək inkişaf hədəflərinin reallaşdırılması istiqamətində mühüm siyasi addımdır. Azərbaycanın bugünkü diplomatik uğurlarının arxasında dayanan əsas amil isə müstəqil dövlətçilik iradəsi, ardıcıl siyasi kurs və milli maraqları beynəlxalq əməkdaşlığın mərkəzində saxlamaq prinsipidir.

Oxşar Xəbərlər

Back to top button