
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Köndələn küçəsi, 2” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Ağayev, 201 nömrəli tam orta məktəbin direktoru Nəriman Vəliyev və digər iştirakçılar çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətləri, milli ideologiyanın təbliği, dövlətçilik ənənələrinin qorunması və gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasının əhəmiyyəti vurğulanıb.
Qeyd edilib ki, müasir Azərbaycanın inkişafında milli həmrəyliyin möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi və dövlətçilik prinsiplərinin cəmiyyətdə geniş təşviqi mühüm rol oynayır. Bu baxımdan təhsil müəssisələrinin və pedaqoji kollektivlərin üzərinə mühüm vəzifələr düşür. Gənclərin milli kimliyə, tarixi irsə və dövlətçilik dəyərlərinə bağlı ruhda yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bildirilib ki, YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində ideoloji maarifləndirmə işinin gücləndirilməsi, partiya üzvlərinin ictimai fəallığının artırılması və dövlət siyasətinin mahiyyətinin cəmiyyətə çatdırılması vacibdir.




