
Aprelin 20-də Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının rəhbərliyi və əməkdaşları, Xan Sarayı ƏPT-nın sədri Reyhan Məmmədova Vətən müharibəsi şəhidi Toğrul Nağıyevin anası, YAP üzvü, Əntiqə xanım Nağıyevanı 65 illik yubileyi münasibətilə yaşadığı evdə ziyarət edərək onu təbrik etmişdir.
Görüş iştirakçıları Əntiqə xanımın timsalında bütün şəhid analarına dərin ehtiramlarını ifadə etmiş, onların göstərdiyi səbrin, iradənin, Vətənə, dövlətimizə bağlılığın hər zaman yüksək qiymətləndirildiyini vurğulamışlar. Bildirilmişdir ki, şəhidlərimizin xatirəsi daim uca tutulur, onların ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir.
Səmimi söhbət şəraitində keçən görüşdə yubilyara xoş arzular çatdırılmış, ona möhkəm cansağlığı, uzun ömür və firavan günlər arzulanmışdır.
Həmçinin yubilyara 65 illik yubileyi münasibətilə xatirə hədiyyəsi təqdim olunmuşdur.
Əntiqə xanım Nağıyeva göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevə, YAP Mərkəzi Aparatının rəhbərliyinə və YAP Şəki rayon təşkilatına minnətdarlığını bildirmiş, Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş “Dünənin, bu günün və gələcəyin partiyası” olan Yeni Azərbaycan Partiyasının üzvü olduğu üçün qürur duyduğunu bildirmişdir.







