Azərbaycan Konstitusiyası: İnsan hüquqlarının təminatı və vətəndaş cəmiyyəti
“Demokratik cəmiyyət qurmaq üçün hər şeydən əvvəl hüquqi dövlət olmalıdır. Hüquqi dövlətin təməli isə Konstitusiya ilə qoyulur. Biz elə bir Konstitusiya qəbul etməliyik ki, orada insan hüquqları, azadlıqları ali dəyər olsun və cəmiyyətin hər bir üzvü qanun qarşısında bərabər bilsin özünü.” Ulu Öndər Heydər Əliyev
Azərbaycan Respublikasının Konstitusiyası cəmiyyətin bütün təbəqələrinin maraqlarını birləşdirən, insan hüquq və azadlıqlarını ali dəyər kimi qəbul edən fundamental hüquqi sənəddir. 12 Noyabr Konstitusiya Günü bu sənədin cəmiyyət həyatındakı əvəzsiz rolunu bir daha xatırlatmaq, vətəndaş cəmiyyətinin inkişaf istiqamətlərini dəyərləndirmək üçün mühüm fürsətdir.
Müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edilərkən dünyanın aparıcı hüquqi sistemlərinin və beynəlxalq konvensiyaların təcrübəsi nəzərə alınmışdır. Sənədin birinci hissəsində birbaşa insan hüquqlarına və onların qorunmasına geniş yer verilmişdir. Həyat hüququ, şəxsi toxunulmazlıq, mülkiyyət hüququ, təhsil almaq və sağlam ətraf mühitdə yaşamaq hüquqları Əsas Qanunla möhkəmləndirilmişdir. Bu müddəalar hər bir fərdin cəmiyyətdə sərbəst və təhlükəsiz şəkildə inkişaf etməsinə zəmanət verir.
Demokratik cəmiyyətin qurulmasında vətəndaşların dövlət idarəçiliyində fəal iştirakı həlledici rol oynayır. Konstitusiyamız vətəndaşlara seçmək və seçilmək hüququ, dövlət orqanlarına müraciət etmək imkanları verməklə yanaşı, fikir və söz azadlığını da qoruyur. Bu hüquqlar sayəsində ölkəmizdə güclü qeyri-hökumət təşkilatları, müstəqil media qurumları və ictimai birliklər formalaşmışdır ki, bunlar da vətəndaş cəmiyyətinin sütunları hesab olunur.
Sosial dövlət prinsipi də Konstitusiyamızın əsas tərkib hissələrindən biridir. Dövlət əhalinin sosial müdafiəsini təmin etmək, işsizlikdən qorunmaq, səhiyyə və təhsil xidmətlərini hər kəs üçün əlçatan etmək öhdəliyini daşıyır. Xüsusilə həssas əhali qruplarının – əlillərin, şəhid ailələrinin, qazilərin və aztəminatlı ailələrin hüquqlarının qorunması Əsas Qanunun aliliyinin praktikada necə təzahür etdiyini göstərir.
Hüquqi maarifləndirmə və vətəndaş məsuliyyəti Konstitusiya dəyərlərinin cəmiyyətdə dərin kök salmasının əsas şərtidir. Vətəndaşlar yalnız öz hüquqlarını deyil, həm də dövlətə və cəmiyyətə qarşı məsuliyyətlərini dərk etdikdə hüquqi dövlət tam mənada fəaliyyət göstərir. Gənc nəsildə hüquqi mədəniyyətin təbliği məktəblərdən başlayaraq cəmiyyətin hər sahəsində davam etdirilməlidir.
Yekun olaraq qeyd etmək lazımdır ki, 12 noyabr tarixi yalnız bir qanunun qəbul olunduğu gün deyil, həm də insan ləyaqətinin uca tutulduğu, vətəndaş hüquqlarının dövlət təminatına alındığı tarixi mərhələdir. Konstitusiyamızın verdiyi imkanlardan səmərəli istifadə edərək daha ədalətli, rifah dolu və güclü vətəndaş cəmiyyəti qurmaq hər birimizin ortaq vəzifəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev: “Hüquqi dövlət quruculuğu bizim strateji xəttimizdir. Zaman keçdikcə həyat yenilənir, cəmiyyət inkişaf edir və bu inkişaf Konstitusiyamızın və qanunvericiliyimizin də zamanın tələblərinə uyğun təkmilləşdirilməsini tələb edir. Biz elə bir idarəçilik sistemi qurmuşuq ki, o, vətəndaşların hüquqlarını və azadlıqlarını ən yüksək səviyyədə qoruyur.”
Nəzrin Əzimzadə,
Nizami rayon fəalı, ADA-nın II kurs tələbəsi



