AnalitikaGündəmSiyasət

12 noyabr Konstitusiya Günü xalqımızın siyasi yetkinliyinin və dövlətçilik təfəkkürünün parlaq təzahürüdür

Noyabr ayının 12-si tariximizin ən əlamətdar günlərindən biridir. Otuz bir il bundan öncə 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.

Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alınmış, ictimai-siyasi sabitlik təmin edilmiş və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaranmışdı.

Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiya yaradılmış və 1995-ci il iyunun 5-də Komissiyanın ilk iclası keçirilmişdir. İclasda çıxış edən Ulu Öndər Heydər Əliyev qeyd etmişdir: “Müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması Respublikamızın tarixində böyük bir hadisədir. Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik”.

Komissiya tərəfindən hazırlanmış konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılmış və müzakirələrdən sonra yeni layihə ümumxalq səsverməsinə təqdim olunmuşdur.

Yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il oktyabrın 3-də keçirilən iclasında Komissiyanın sədri Heydər Əliyev qeyd etmişdir: “Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir. Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlət qururuq”.

12 noyabr 1995-ci il tarixdə müəllifi Ulu Öndər Heydər Əliyev olan yeni konstitusiya ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş, 1995-ci il noyabrın 27-dən isə qüvvəyə minmişdir.

Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır. Bu, ölkənin ilk müstəqil Konstitusiyası olmaqla, onun demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmasını təmin edən əsas qanundur.

İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.

Konstitusiyamızda Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.

Konstitusiya və suverenlik Azərbaycan dövlətinin dayaqlarıdır və bu dəyərlərin qorunması ölkənin gələcək inkişafı üçün mühüm rol oynayır.

Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan Respublikası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru mətin addımlarla inamla irəliləyir.

Fətullayev Nihad,
BDU-nun I kurs tələbəsi, Nizami rayonunun fəal gənci

Oxşar Xəbərlər

Back to top button