
Cəbrayılın bərpası yalnız şəhərin yenidən qurulması ilə məhdudlaşmır. Rayonun kəndlərinin bərpası da Böyük Qayıdış siyasətinin mühüm istiqamətlərindən biridir. Rəsmi məlumatlarda Maşanlı, Sarıcallı, Karxulu, Böyük Mərcanlı, Horovlu və Şükürbəyli kimi yaşayış məntəqələrində bərpa layihələrinin həyata keçirildiyi göstərilir.
Kəndlərin bərpasında əsas məsələlərdən biri yaşayış və istehsal məkanlarının bir-birini tamamlamasıdır. Kənd sakininin doğma yurduna qayıtması üçün evin tikilməsi vacib olsa da, uzunmüddətli yaşayış üçün kənd təsərrüfatı, məşğulluq, məktəb, tibb və digər xidmətlər də mövcud olmalıdır.
2025-ci il oktyabrın 28-də Horovlu kəndinin birinci mərhələsinin açılışının keçirilməsi və sakinlərə mənzillərin açarlarının təqdim olunması qayıdış prosesinin kəndlər üzrə də davam etdiyini göstərir.
2026-cı ilin mayında Şükürbəyli kəndinin açılışının keçirilməsi və sakinlərin kəndə köçürülməsi də bu prosesin davamlı xarakter daşıdığını nümayiş etdirir. Eyni tarixdə Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisinin gedişi ilə bağlı məlumat verilməsi şəhər və kəndlərin sosial infrastrukturu ilə paralel inkişaf etdirildiyini göstərir.
Beləliklə, Cəbrayıl kəndlərinin bərpası rayonun tarixi yaşayış coğrafiyasının yenidən canlandırılması prosesidir. Bu proses yalnız fiziki məskunlaşmanı deyil, kənd həyatının sosial və iqtisadi əsaslarının yenidən qurulmasını da əhatə edir.
Kəmalə Rəsulova,
YAP Nizami rayon təşkilatının “Çobanzadə küçəsi, 69” ərazi partiya təşkilatının sədri



