
Ekoloji təhlükəsizlik müasir dövlətlərin strateji inkişaf gündəliyində getdikcə daha mühüm yer tutur. İqlim dəyişiklikləri, su ehtiyatlarının azalması, torpaqların deqradasiyası və ətraf mühitin çirklənməsi həm iqtisadi, həm də sosial təhlükəsizlik üçün ciddi çağırışlar yaradır. Azərbaycan Respublikasının Konstitusiyası ətraf mühitin qorunması və sağlam ekoloji şəraitdə yaşamaq hüququnu təsbit etməklə bu sahənin hüquqi əsaslarını müəyyənləşdirib.
Ətraf mühitin mühafizəsi dövlətin və cəmiyyətin ortaq məsuliyyətidir. Təbii sərvətlərdən səmərəli istifadə, biomüxtəlifliyin qorunması və ekoloji tarazlığın təmin edilməsi gələcək nəsillərin maraqlarının müdafiəsi baxımından vacibdir. Konstitusiyada təsbit edilən ekoloji hüquqlar dövlət orqanlarının və vətəndaşların bu istiqamətdəki vəzifələrinin hüquqi əsasını təşkil edir.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ətraf mühitin qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi və təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi diqqət yetirilirdi. Bu sahədə həyata keçirilən tədbirlər ekoloji problemlərin dövlət siyasətində ayrıca istiqamət kimi formalaşmasına şərait yaratdı. Ətraf mühitin mühafizəsi iqtisadi inkişafla sosial rifahın uzlaşdırılmasının mühüm şərti kimi qiymətləndirilirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ekoloji təhlükəsizlik, bərpaolunan enerji mənbələrinin inkişafı və yaşıl iqtisadiyyat istiqamətində yeni layihələr həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası, meşə və su ehtiyatlarının qorunması, alternativ enerji layihələrinin reallaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu ərazilərin yaşıl enerji zonası kimi inkişaf etdirilməsi Azərbaycanın uzunmüddətli ekoloji strategiyasının mühüm istiqamətidir.
Ekoloji təhlükəsizlik hüquqi dövlətin və dayanıqlı inkişaf modelinin ayrılmaz hissəsidir. Konstitusiyanın ətraf mühitə dair müddəalarının səmərəli tətbiqi təbii resursların qorunmasına və gələcək nəsillərin sağlam həyat şəraitinin təmin edilməsinə xidmət edir. Azərbaycanın ekoloji siyasəti iqtisadi inkişafla təbiətin mühafizəsi arasında tarazlığın qorunmasına əsaslanmalıdır.
Həqiqət Gülalıyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 73b” ərazi partiya təşkilatının sədri



