AnalitikaGündəmSiyasət

Konstitusiya və əmək hüquqları: sosial sabitliyin hüquqi təminatları

Əmək hüququ insanın iqtisadi və sosial həyatında mühüm yer tutur. Vətəndaşların sərbəst əmək fəaliyyəti ilə məşğul olmaq, təhlükəsiz iş şəraitində çalışmaq, əməyinə uyğun haqq almaq və sosial müdafiədən yararlanmaq hüquqları sosial dövlətin əsas göstəricilərindəndir. Azərbaycan Respublikasının Konstitusiyası əmək hüquqlarını təsbit etməklə bu sahədə dövlətin və işəgötürənlərin hüquqi məsuliyyətinin əsaslarını müəyyənləşdirib.

1995-ci il Konstitusiyasında əmək hüququnun tanınması müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin mühüm tərkib hissəsi oldu. Vətəndaşların əmək fəaliyyəti ilə məşğul olmaq və peşə seçmək hüququnun hüquqi səviyyədə qorunması əmək münasibətlərinin yeni iqtisadi şəraitə uyğun tənzimlənməsinə imkan verdi. Eyni zamanda, əməyin təhlükəsizliyi və sosial təminatla bağlı müddəalar işçilərin hüquqlarının müdafiəsi üçün əsas yaratdı.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə əmək münasibətlərinin hüquqi tənzimlənməsi, məşğulluğun artırılması və sosial müdafiə sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. İqtisadi islahatlar nəticəsində yeni iş yerlərinin yaradılması və sahibkarlığın inkişafı əmək bazarının strukturunun dəyişməsinə şərait yaratdı. Bu proseslər sosial sabitliyin möhkəmləndirilməsinə xidmət edirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə məşğulluq proqramlarının genişləndirilməsi, minimum əməkhaqqının və pensiyaların artırılması, peşə hazırlığının inkişafı və əmək bazarının müasirləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Özünüməşğulluq proqramları və regionlarda yeni istehsal müəssisələrinin yaradılması əhalinin iqtisadi fəallığının artırılmasına imkan yaradır. Əmək hüquqlarının müdafiəsi də bu siyasətin mühüm tərkib hissəsidir.

Əmək hüquqlarının real təminatı həm vətəndaşların sosial rifahına, həm də iqtisadiyyatın dayanıqlılığına müsbət təsir göstərir. İşəgötürən və işçi münasibətlərində qanunçuluğun qorunması, təhlükəsiz əmək şəraitinin yaradılması və sosial təminat mexanizmlərinin təkmilləşdirilməsi vacibdir. Konstitusiyanın əmək hüquqlarına dair müddəaları Azərbaycanın sosial dövlət modelinin əsas hüquqi dayaqlarından biri olaraq qalır.

Şəbnəm Quliyeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button