Şuşa – milli birliyimizin və dövlətçilik iradəmizin təntənəsi

Tarix boyu Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərini, mədəni irsini və tarixi torpaqlarını qorumaq uğrunda mübarizə aparıb. Şuşa şəhəri bu mübarizənin ən mühüm rəmzlərindən biridir. Uzun illər işğal altında qalmasına baxmayaraq, xalqımız Şuşaya olan sevgisini, bağlılığını və onu azad görmək arzusunu heç vaxt itirmədi.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli birliyinin və həmrəyliyinin ən parlaq nümunəsinə çevrildi. Cəmiyyətin bütün təbəqələri Prezident İlham Əliyevin ətrafında birləşərək Ordumuza dəstək verdi. Ölkə daxilində və xaricində yaşayan soydaşlarımızın nümayiş etdirdiyi birlik, əsgərlərimizin döyüş meydanında göstərdiyi qəhrəmanlıq və dövlətin qətiyyətli siyasəti tarixi qələbəni şərtləndirdi.
Şuşanın azad edilməsi milli birliyin real nəticəsinin necə böyük tarixi uğura çevrilə biləcəyini göstərdi. Azərbaycan əsgəri döyüş meydanında yalnız hərbi tapşırığı yerinə yetirmirdi, eyni zamanda milyonlarla insanın qəlbində yaşatdığı müqəddəs arzunu gerçəkləşdirirdi. Şəhərin azad edilməsi xəbəri bütün ölkədə sevinc və qürur hissi yaratdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış qələbədən sonra Şuşada genişmiqyaslı quruculuq işləri başladı. Dövlətimizin başçısının şəhərə səfərləri, tarixi abidələrin bərpası, yeni yaşayış və sosial infrastrukturun yaradılması Şuşanın gələcəyinə verilən böyük önəmin göstəricisidir. Şəhər yenidən Azərbaycanın mədəni və ictimai həyatının aparıcı mərkəzlərindən birinə çevrilir.
Şuşa Şəhəri Günü həm də xalqımızın birliyinin təntənəsidir. Bu tarix bizə xatırladır ki, milli məqsəd ətrafında birləşən xalq böyük çətinlikləri dəf edə və tarixin gedişinə təsir göstərə bilər. Şuşa Azərbaycanın gücünün, iradəsinin və sarsılmaz dövlətçilik ənənələrinin əbədi rəmzidir.
Sülhanə Nəsibova,
YAP Nizami rayon təşkilatının “Bəkir Çobanzadə küçəsi, 345” ərazi partiya təşkilatının sədr müavini


